Səudiyyə Ərəbistanı və Suriya arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb

Səudiyyə Ərəbistanı və Suriya müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Bakigundem.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mətbuat Agentliyi məlumat yayıb.

Razılaşma iki ölkə liderinin Ər-Riyadda keçirdiyi danışıqlardan sonra əldə olunub. Tərəflər, həmçinin Səudiyyə Ərəbistanının Sənaye və Mineral Ehtiyatlar Nazirliyi ilə Suriyanın Sənaye, Daxili Ticarət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi arasında anlaşma memorandumu imzalayıblar.

Görüşdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud və Suriyanın Prezidenti Əhməd əş-Şaraa ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Tərəflər Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apararaq, hərbi eskalasiyanın dünya iqtisadiyyatının sabitliyinə və enerji təchizatına ciddi təsir göstərə biləcəyini vurğulayıblar. Həmçinin regiondakı böhranların diplomatik yollarla həllinin və gərginliyin azaldılmasının vacibliyini qeyd ediblər.

Qeyd edək ki, oktyabrın 16-da Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Al Səud Ər-Riyadda suriyalı həmkarı Əsəd əş-Şeybanini qəbul edib.

Görüşdə ikitərəfli münasibətlər və Yəməndə hökumət qüvvələri ilə husilərin təmsil olunduğu “Ənsar Allah” hərəkatı arasında gərginlik fonunda regional məsələlər müzakirə olunub.

Suriyanın xarici işlər naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib və Ər-Riyada dəstəyini ifadə edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *