Fransada iyunun 22–28-i tarixlərində müşahidə olunan anomal istilər nəticəsində 2 mindən çox insan həyatını itirib.
Bakigundem.com xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə Agentliyi (“Santé publique France”) rəsmi məlumat yayıb.
Həmin həftə ərzində ölkə üzrə 8 973 ölüm qeydə alınıb. Halbuki əvvəlki həftədə bu göstərici 6 948 olub. Beləliklə, cəmi yeddi gün ərzində 2 025 əlavə ölüm baş verib.
Məlumata əsasən, ölüm hallarının ən böyük artımı 45 yaşdan yuxarı əhali arasında qeydə alınıb. Bu yaş qrupunda ölüm göstəricisi 29,7 faiz artıb. Ölüm halları evlərdə, xəstəxanalarda və qocalar evlərində müşahidə olunub.
Bildirilir ki, anomal istilər Oksitaniya və Overn-Rona-Alp bölgələri istisna olmaqla, demək olar ki, bütün ölkəni əhatə edib.
Ən ağır vəziyyət isə paytaxt Parisi də əhatə edən İl-de-Frans regionunda qeydə alınıb. Burada ölüm halları 62,8 faizartaraq 619 əlavə ölüm təşkil edib. Eyni zamanda, Pey-de-la-Luar regionunda ölüm göstəricisi 62 faiz, Normandiyada isə 53,1 faiz yüksəlib.
Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, bu statistika hələ yekun deyil. Onun sözlərinə görə, elektron qeydiyyat sistemi ölkədə verilən ölüm şəhadətnamələrinin yalnız 60 faizini əhatə edir və dəqiq yekun hesabatın üç həftə sonra açıqlanacağı gözlənilir.
Xatırladaq ki, iyunun sonunda Qərbi Avropanı əhatə edən güclü istilər səbəbindən Fransa, Almaniya, İspaniya, İtaliya və Böyük Britaniyanın bir sıra bölgələrində “qırmızı” təhlükə səviyyəsi elan olunmuşdu.














Leave a Reply