Xəzər dənizi vasitəsilə Azərbaycana 373 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmiş İran İslam Respublikasının 3 vətəndaşı barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində tamamlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, İran İslam Respublikasının üç vətəndaşı satış məqsədilə 45 kiloqramdan çox qurudulmuş və 328 kiloqramdan artıq qurudulmamış marixuananı “Layner” tipli qayıqla Xəzər dənizi vasitəsilə Azərbaycana keçirməyə cəhd ediblər.

Onlar Xaçmaz rayonu sahillərinə yaxınlaşarkən sərhədçilər tərəfindən aşkar olunacaqlarını anlayaraq narkotik vasitələri dənizə atıblar. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin narkotiklər aşkarlanaraq götürülüb.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *