Səhiyyə Nazirliyi hantavirusla bağlı açıqlama yaydı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi hantavirus infeksiyası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin məlumatına görə, Azərbaycanda epidemioloji vəziyyət sabitdir və əhali üçün narahatlıq doğuran hər hansı risk mövcud deyil.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hantavirus əsasən bu virusu daşıyan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas nəticəsində insana keçir. Virusun insandan insana ötürülməsi isə son dərəcə nadir hallarda müşahidə olunur.

Səhiyyə Nazirliyi eyni zamanda qeyd edib ki, Azərbaycan hantavirus üzrə endemik bölgə hesab edilmir və ölkə ərazisində yaşayan gəmiricilər arasında bu virusa rast gəlinmir. Bu səbəbdən hantavirus infeksiyası rutin laborator müayinələr siyahısına daxil edilməyib.

Bununla yanaşı, ölkədə həm insan, həm də heyvan sağlamlığı üzrə laboratoriyalarda hantavirusun müəyyən edilməsi üçün bütün texniki imkanlar mövcud olduğu da xüsusi olaraq qeyd edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *