Qalın kitabları planşetlər əvəz edə bilərmi?

Təhsil insanın dünyagörüşünün formalaşmasında, bilik və bacarıqlarının inkişafında, eləcə də gələcək həyatına dair qərarlarını daha düzgün müəyyənləşdirməsində mühüm rol oynayır. Müasir dövrdə isə təhsil verənlərin qarşısında şagirdə yalnız bilik ötürmək deyil, eyni zamanda onu dəyişən dünyaya uyğunlaşa bilən, müasir çağırışlara cavab verən və yeni texnologiyalardan səmərəli istifadə etməyi bacaran fərd kimi yetişdirmək kimi yeni vəzifələr dayanır.

Texnologiyanın sürətli inkişafı təhsil prosesinə də əhəmiyyətli təsir göstərir. Planşetlər, elektron kitablar, onlayn tədris platformaları və digər rəqəmsal vasitələr artıq təhsilin ayrılmaz hissəsinə çevrilməkdədir. Bununla yanaşı, ənənəvi dərsliklər, dəftərlər və digər çap materialları da təhsil prosesində öz mövqeyini qoruyur.

Bəs rəqəmsal imkanların sürətlə genişləndiyi bir dövrdə ənənəvi tədris materiallarının rolu necə dəyişir? Elektron resurslar öyrənmə prosesini daha effektiv edir, yoxsa ənənəvi kitabların üstünlükləri hələ də qalmaqdadır? Gələcəkdə qalın dərslikləri planşetlər əvəz edə bilərmi?

Bu suallara cavab tapmaq üçün mövzunu təhsil mütəxəssisi ilə müzakirə etdik. İngilis dili müəllimi Rəna Həsənova müasir təhsildə ənənəvi kitablarla rəqəmsal resursların rolu, texnologiyanın tədris prosesinə təsiri və gələcəyin məktəbində dərsliklərin yeri barədə fikirlərini bölüşüb.

Rəna Həsənovanın sözlərinə görə, müasir təhsildə əsas məqsəd kitab və rəqəmsal resurslardan birini seçmək deyil, hər ikisinin imkanlarından düzgün istifadə etməkdir. Onun fikrincə, kitab şagirdin diqqətini toplamasına, oxu vərdişinin formalaşmasına və məlumatı daha yaxşı mənimsəməsinə kömək edir. Videolar, təqdimatlar və onlayn platformalar isə xüsusilə dərsin əyani və interaktiv keçirilməsinə imkan yaradır.

“Mən dərslərimdə həm dərslikdən, həm də videolardan, təqdimatlardan və müxtəlif onlayn resurslardan istifadə etməyə üstünlük verirəm. Əsas məsələ texnologiyadan çox istifadə etmək deyil, ondan düzgün məqsədlə yararlanmaqdır”, – deyə müəllim bildirib.

R.Həsənova hesab edir ki, texnologiya artıq təhsil prosesinin ayrılmaz hissəsinə çevrilib. Xüsusilə xarici dil dərslərində videolar, dinləmə materialları və interaktiv tapşırıqlar şagirdlərin öyrənməsinə əlavə imkanlar yaradır.

Bununla belə, müəllimin fikrincə, texnologiya canlı ünsiyyəti əvəz edə bilməz. Şagirdin motivasiyasının artırılması, onun fərdi ehtiyaclarının nəzərə alınması və düzgün istiqamətləndirilməsi müəllimin əsas vəzifələrindən olaraq qalır.

Gələcəyin məktəbində dərsliklərin tamamilə rəqəmsal resurslarla əvəz olunmasının mümkünlüyünə münasibət bildirən Rəna Həsənova hesab edir ki, kitablar tədrisdə öz yerini qoruyacaq. O vurğulayıb ki, şagirdin kitab üzərində işləməsi, qeydlər aparması və materialı öz tempində mənimsəməsi bəzi hallarda daha əlverişli ola bilər.

Beləliklə, gələcəyin təhsil modelində ənənəvi və rəqəmsal vasitələrin paralel istifadəsi daha real görünür. Burada əsas məsələ texnologiyanın mövcudluğu deyil, onun təlim məqsədlərinə uyğun və düzgün tətbiq edilməsidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *