“Farmaniya.com” işi üzrə zərərçəkənlər Hüseyn Quliyevin azadlığa buraxılacağı xəbərlərindən narazıdır

“Farmaniya.com” işi üzrə zərərçəkənlər Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağı ilə bağlı yayılan məlumatlardan narazıdırlar.

Bakıgundem.com Musavat.com-a istinadən xəbər verir ki, zərərçəkmiş şəxslərin sözlərinə görə, onlar məhkəmə hökmünün dəyişdirilərək Hüseyn Quliyevə daha ağır cəza təyin olunmasını gözlədikləri halda, onun cəzasının yüngülləşdiriləcəyi və vaxtından əvvəl azadlığa buraxılacağı barədə məlumatlar alırlar.

Zərərçəkənlər hesab edirlər ki, yüzlərlə vətəndaşın maddi zərər gördüyü iddia olunan belə bir iş üzrə cəzanın yüngülləşdirilməsi onların narazılığını artırır.

Qeyd edək ki, Hüseyn Quliyev barəsində bu ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb. Hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə tərkibi Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi üzrə – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmanın külli miqdarda törədilməsi ittihamına bəraətverici əsaslarla xitam verib.

Məhkəmənin yekun qərarına əsasən, Hüseyn Quliyev Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi – dələduzluğun təkrar törədilməsi və 244-1.2.2-ci maddəsi – qumar oyunlarının virtual formada, internet və ya digər elektron vasitələrdən istifadə edilməklə təşkili və ya keçirilməsi maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Halbuki dövlət ittihamçısı məhkəmə prosesində Hüseyn Quliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Farmaniya.com” işi 2025-ci ilin sentyabrında ictimaiyyətin diqqətini cəlb edib. Həmin dövrdə sosial şəbəkələrdə investisiya layihəsi kimi təqdim olunan platformanın onlayn piramida sxemi əsasında fəaliyyət göstərməsi və vətəndaşların vəsaitlərinin mənimsənilməsi ilə bağlı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı müraciətlər daxil olub.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində saytın idarəetmə panelinin admini olduğu bildirilən, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev saxlanılıb.

İstintaq materiallarına əsasən, Quliyev sosial şəbəkələrdə özünü bloger kimi təqdim edib və “Farmaniya.com” platformasını rəsmi investisiya layihəsi kimi tanıdıb. O, istifadəçilərə yatırdıqları vəsait qarşılığında yüksək gəlir əldə edəcəklərini vəd etməklə onların etimadını qazanıb.

Araşdırmalar zamanı platformada 18 mindən çox şəxsin qeydiyyatdan keçdiyi, nəticədə isə təxminən 400 min manat vəsaitin dələduzluq yolu ilə mənimsənildiyi müəyyən edilib.

İstintaqla həmçinin Hüseyn Quliyevin vətəndaşların vəsaitlərini ələ keçirmək məqsədilə tanışı, 22 yaşlı Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə etdiyi müəyyənləşdirilib. Bildirilir ki, Əhmədova bu fəaliyyət qarşılığında maddi gəlir əldə edib və sonradan cinayət məsuliyyətinə cəlb olunub.

Araşdırmalar çərçivəsində saxlanılan şəxslərin istifadə etdiyi bank kartlarına ümumilikdə 700 min manatdan artıq vəsaitin daxil olduğu da aşkarlanıb.

Hazırda zərərçəkənlərin əsas narazılığı məhkəmənin təyin etdiyi 4 illik cəzanın, onların fikrincə, dəymiş zərərin miqyasına uyğun olmaması və Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağı barədə məlumatların yayılmasıdır.

Zərərçəkənlər bildirirlər ki, cəzanın ağırlaşdırılmasını gözlədikləri bir vaxtda əks istiqamətdə məlumatların ortaya çıxması onlar üçün ciddi suallar yaradır.

Qeyd edək ki, Hüseyn Quliyev “Zevs” ləqəbi ilə tanınan videobloger Ruslan Quliyevin qardaşıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *