Bu ilin 9 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 941 mindən çox bilet əldə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bakigundem.com-a bildirilib ki, ötən ilin yanvar-sentyabr aylarında onlayn satılmış biletlərin xüsusi çəkisi ümumi bilet satışının 28 faizini təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 42 faizdir.
2025-ci ilin 9 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 36 faiz idisə, cari ilin müvafiq dövründə bu göstərici 48 faizə yüksəlib. Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.
Qeyd edək ki, “biletim.az” portalında 61 məntəqəyə 97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys olmaqla 426 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.














Leave a Reply