Azərbaycanda LGBT təbliğatının qadağan olunmasını nəzərdə tutan qanun qəbul ediləcək.
Bakigundem.com “Operativmedia.az”a istinadən xəbər verir ki, yeni qanun layihəsi ilə LGBT mövzusunun ictimai yerlərdə, mediada və digər informasiya vasitələrində təbliğinə məhdudiyyətlərin qoyulması planlaşdırılır.
Qanunun qəbulu və tətbiqi çərçivəsində bir sıra istiqamətlər üzrə tədbirlərin görülməsi nəzərdə tutulur:
Media və internet: LGBT münasibətlərini təşviq etdiyi hesab edilən məlumatların yayılmasına məhdudiyyətlər tətbiq olunacaq.
Reklam və kino: Bu məzmunun reklam materiallarında və filmlərdə nümayişi, eləcə də təbliği qadağan ediləcək.
Təhsil: Məktəblərdə qeyri-ənənəvi seksual orientasiyaları təbliğ edən məzmunun qəbul edilməyəcəyi bildirilir.
Hüquqi məsuliyyət: Qanunun tələblərinin pozulmasına görə cərimələr və digər inzibati tədbirlər nəzərdə tutulur.
Qanunun tətbiqinin əsas məqsədlərindən birinin uşaqları onların sağlamlığına və inkişafına zərərli hesab edilən informasiyalardan qorumaq olduğu qeyd olunur. Yeni qanunla “qeyri-ənənəvi seksual orientasiyanın” və pedofiliyanın təbliğinin uşaqlar üçün qadağan edilən informasiya kateqoriyasına daxil edilməsi nəzərdə tutulur. Bu kateqoriyaya aid məlumatların yetkinlik yaşına çatmayanlara yayılması qadağan olunacaq.
Məhdudiyyətlərin kütləvi informasiya vasitələrinə də şamil ediləcəyi bildirilir. Qanun pozuntuları aşkarlandığı təqdirdə media qurumlarının fəaliyyətinin dayandırılması, xarici media orqanlarının isə ölkədə fəaliyyət icazəsinin ləğvi kimi tədbirlər görülə bilər. Bu halda media qurumunun sahibinin və rəhbərinin də məsuliyyət daşıması nəzərdə tutulur.
İnformasiya məkanının genişlənməsi fonunda qanunun telekommunikasiya şəbəkələrini və onlayn platformaları da əhatə etməsi planlaşdırılır. Beləliklə, internet paylaşımları, videolar, bloq yazıları və ictimai çağırışlar da məhdudiyyətlərin tətbiq dairəsinə daxil ola bilər.
Reklam və kino sahələrində də yeni qaydaların tətbiqi nəzərdə tutulur.
Qanunun pozulması hallarında xətanın xarakterindən asılı olaraq cərimələrin tətbiqi, təkrar pozuntular zamanı isə inzibati həbsin mümkünlüyü qeyd edilir.
Media və internet resurslarına qarşı tənbeh tədbirlərinin müvafiq hüquqi prosedurlar əsasında həyata keçirilməsi nəzərdə tutulur.









Leave a Reply