Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar qəbul edildi

Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Yeni qaydalar uşaqların sosial şəbəkələrdə qeydiyyatı və istifadəsi ilə bağlı bir sıra hüquqi tələbləri müəyyənləşdirir.

Bakigundem.com xəbər verir ki, qanuna əsasən 16 yaşı tamam olmayan şəxslər sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yarada bilməyəcəklər. Bu tələbin hansı platformalara şamil ediləcəyini isə müvafiq dövlət qurumu müəyyən edəcək.

Yeni normalara görə, platformalar hesab yaradılarkən istifadəçinin yaşını bir neçə mərhələdə yoxlamalı olacaq. İstifadəçi əvvəlcə yaşını bəyan edəcək, daha sonra bu məlumat bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi vasitəsilə təsdiqlənəcək. 16–18 yaş arası istifadəçilər üçün isə qanuni nümayəndənin razılığı tələb olunacaq.

Dəyişikliklər valideyn nəzarətini də gücləndirir. Belə ki, 16–18 yaşlı istifadəçilərin hesablarında göstərilən məzmun, reklamlar və platformadan istifadə müddəti qanuni nümayəndə tərəfindən idarə oluna biləcək. Platformalar bunun üçün xüsusi funksiyalar təqdim etməyə borclu olacaq.

Bundan əlavə, provayderlər istifadəçilərin yaşını yalnız qeydiyyat zamanı deyil, sonradan da yoxlamalı olacaqlar. İstifadəçinin davranışı ilə bəyan etdiyi yaş arasında uyğunsuzluq aşkarlanarsa, təkrar yoxlama aparılacaq və yaş tələbinin pozulduğu müəyyən edilərsə, hesabın fəaliyyəti dərhal məhdudlaşdırılacaq.

Qanun yaşın yoxlanılması üçün toplanan məlumatların qorunmasını da nəzərdə tutur. Bu məlumatlardan reklam və ya digər kommersiya məqsədləri üçün istifadə qadağan edilir və yoxlama başa çatdıqdan sonra onlar dərhal silinməlidir.

Eyni zamanda, istifadəçinin yetkinlik yaşına çatana qədər paylaşdığı məlumat və məzmun onun özünün, yetkinlik yaşına çatmayıbsa qanuni nümayəndəsinin, eləcə də səlahiyyətli dövlət qurumunun müraciəti əsasında silinə biləcək. Platformalar bəzi hallarda bu addımı öz təşəbbüsləri ilə də ata biləcəklər.

Qəbul edilən dəyişikliklərə əsasən, platformalar 16–18 yaşlı istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə təhlükə yaradan məzmun aşkar etdikdə, ən geci 24 saat ərzində müdaxilə etməli və həmin məzmunun yayılmasının qarşısını almalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *