Azərbaycan AEBA-nın Baş Konfransının 70-ci sessiyasında təmsil olunub

14-18 sentyabr 2026-cı il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 70-ci Növbəti Sessiyası keçirilib.

Bu barədə Bakigundem.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Ümumilikdə 181 üzv dövlətdən 3 mindən çox nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi fövqəladə hallar nazirinin müavini Yusif Nəbiyevin rəhbərlik etdiyi və tərkibinə aidiyyəti qurumların müvafiq vəzifəli şəxslərinin daxil olduğu nümayəndə heyəti təmsil edib.

Sessiyada çıxış edən Y.Nəbiyev ölkəmizlə AEBA arasında əməkdaşlığın genişləndirilməsi, böyük miqyaslı kütləvi tədbirlər zamanı nüvə təhlükəsizliyinin təmin edilməsi üzrə texniki missiya çərçivəsində əməkdaşlıq, hüquqi, tənzimləyici və texniki infrastrukturun inkişafı istiqamətində görülən işlər, səhiyyə, kənd təsərrüfatı və ətraf mühit sahələrində nüvə və izotop texnologiyalarının tətbiqi məsələlərinə toxunub.

Tədbir çərçivəsində nümayəndə heyəti, həmçinin AEBA-nın struktur bölmələri və digər ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *