Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi adı altında dövlətə məxsus “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı QSC-dən külli miqdarda kredit əldə etdiyi müəyyən olunub.
Bakigundem.com “Qafqazinfo”a istinadən xəbər verir ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.
Əməliyyat zamanı “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler” şirkətinin direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov, eləcə də onlarla birlikdə hərəkət etdiyi bildirilən Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb.
İlkin istintaqın məlumatına görə, adıçəkilən şirkət rəhbərləri kənd təsərrüfatının maliyyələşdirilməsi məqsədilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan çox kredit götürüblər. Araşdırmalar zamanı isə həmin vəsaitlərin təyinatı üzrə istifadə edilmədiyi, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi məqsədlər üçün xərcləndiyi müəyyən olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onların hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo”nun yaydığı digər məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin keçmiş rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət işi üzrə araşdırma aparılır. İstintaq materiallarında bildirilir ki, hazırda həbs olunan şəxslər onunla əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq əməli törədiblər. Saxlanılanlardan bəzilərinin Məmməd Musayevlə yaxın qohumluq və iş əlaqələri olduğu qeyd edilir. Belə ki, Tofiq Musayev onun qardaşı oğludur, Fazil Rüstəmov isə vaxtilə onun müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı QSC səhmləri tamamilə dövlətə məxsus olan maliyyə institutudur. Qurumun əsas fəaliyyət istiqaməti sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərin təqdim edilməsidir. Məmməd Musayev 2001-ci ildən 2025-ci ilədək quruma rəhbərlik edib. Sahil Babayevin maliyyə naziri təyin olunmasından bir müddət sonra isə o, vəzifəsindən ayrılıb.












Leave a Reply