ABŞ-də 13 nəfəri öldürən hərbçi ictimaiyyətin gözü qarşısında edam ediləcək?

ABŞ-nin müdafiə naziri Pit Heqset 2009-cu ildə Texas ştatındakı Fort-Hud hərbi bazasında kütləvi atəş açan keçmiş hərbi psixiatr Nidal Həsənin edamının ictimai şəkildə həyata keçirilməsini istədiyini bildirib.

Bakigundem.com xəbər verir ki, Pentaqon rəhbəri bu barədə “Real America’s Voice” telekanalına müsahibəsində danışıb.

Heqset bildirib ki, Həsən güllələnmə yolu ilə edam edilməli və proses ictimaiyyət üçün açıq olmalıdır. Onun sözlərinə görə, bu, belə əməllərin ciddi nəticələr doğurduğunu insanlara göstərmək baxımından vacibdir.

ABŞ qanunvericiliyinə əsasən, hərbi qulluqçular barəsində çıxarılan ölüm hökmlərinin icrası üçün ölkə prezidentinin təsdiqi tələb olunur.

Qərar icra edilərsə, bu, 1961-ci ildən bəri ABŞ hərbçisinin ilk edamı, 1945-ci ildən bəri isə hərbçinin güllələnmə yolu ilə edamının ilk nümunəsi olacaq.

Xatırladaq ki, fələstin əsilli ABŞ vətəndaşı, mayor Nidal Həsən 5 noyabr 2009-cu ildə Fort-Hud bazasında silahsız hərbçilərə atəş açıb. Hadisə nəticəsində 13 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Cavab atəşi nəticəsində iflic olan Həsən hücumunu Əfqanıstandakı müsəlmanları amerikalı hərbçilərdən qorumaq istəyi ilə əsaslandırıb.

2013-cü ildə hərbi tribunal Həsəni qətllərdə təqsirli bilərək yekdilliklə ölüm hökmünə məhkum edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *