Bakıda itkin düşmüş şəxslər üzrə IV beynəlxalq konfrans işə başlayıb

Oktyabrın 7-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfrans öz işinə başlayıb.

Bu barədə Bakigundem.com-a DTX-dən məlumat verilib.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və itkin düşmüş şəxslərin ailə üzvləri iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunduqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev çıxış edərək Prezident İlham Əliyevə göstərdiyi hərtərəfli dəstəyə görə minnətdarlığını bildirib, dövlətimizin başçısının bu sahədəki qətiyyətli və prinsipial mövqeyindən, müharibə qurbanlarının, xüsusən də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyi ilə bağlı məsələlərə daim həssas yanaşmasından danışıb.

Dövlət Komissiyasının sədri öz nitqində müvafiq istiqamətdə görülən işlərdən bəhs edərək, hazırda 4 010 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığını, 11 566 donordan bioloji nümunə toplandığını, işğaldan azad olunmuş ərazilərdə intensiv axtarış-qazıntı və ekshumasiya tədbirləri nəticəsində bu günədək 913 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqlarının, o cümlədən 32 kütləvi məzarlığın aşkarlandığını, ümumilikdə şəxsiyyəti eyniləşdirilmiş 273 nəfərin ailələrinə təhvil verildiyini diqqətə çatdırıb.

Xidmət rəisi 8 avqust 2025-ci ildə Vaşinqton şəhərində paraflanmış sülh sazişi layihəsində itkin şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlığın nəzərdə tutulduğunu vurğulayaraq, Prezident İlham Əliyevin BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılması təşəbbüsünün bu baxımdan mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırıb.

Digər çıxışçılar da konfransda itkin düşmüş şəxslərin axtarışı və şəxsiyyətlərinin müəyyənləşdirilməsində etimadın rolu, qurumlararası koordinasiya, məlumat mübadiləsi və müasir texnologiyaların tətbiqi kimi mühüm məsələlər ətrafında müzakirələr aparıblar.

Konfransın işini oktyabrın 8-də panel sessiyaları ilə davam etdirməsi, oktyabrın 9-10-da isə tədbir iştirakçılarının Azərbaycanın tarixi-mədəni irsi, “Xocalı Soyqırımı Memorialı”, habelə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olmaq üçün Xocalı, Füzuli, Ağdam və Laçın rayonlarına, eləcə də Şuşa şəhərinə səfərləri nəzərdə tutulub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *