Bakıda ilk dəfə “Azerbaijan Junior Open 2026” beynəlxalq badminton turniri keçiriləcək

Avqustun 14-dən 16-dək Bakıda badminton üzrə “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Badminton Federasiyasından Bakigundem.com-a verilən məlumata görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, ABŞ, İran, Hindistan, Türkiyə, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanı təmsil edən badmintonçular da mübarizə aparacaqlar.

Turnirin mükafat fondu 5 min ABŞ dolları təşkil edir.

Azərbaycan yarışda baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında ümumilikdə 22 yeniyetmə badmintonçu – 13 qız və 9 oğlan idmançı ilə təmsil olunacaq.

Beş kateqoriya üzrə keçiriləcək yarışa avqustun 14-də, saat 09:00-da start veriləcək. Turnirə avqustun 16-da baş tutacaq final qarşılaşmaları ilə yekun vurulacaq.

Yarışın baş hakimi yunanıstanlı Xristos Evangelidis olacaq.

“Azerbaijan Junior Open 2026” Azərbaycanda “Junior International Series” kateqoriyası üzrə keçiriləcək ilk beynəlxalq badminton turniridir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *