Rəsmi təqvimdə yer almasa da, bakılılar uzun illərdir 1 iyulu “Bakı Günü” kimi yarızarafat, yarıciddi şəkildə qeyd edirlər.
Bakı Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənubunda yerləşən, Azərbaycanın paytaxtı və ən böyük şəhəridir. “Küləklər şəhəri” kimi tanınan paytaxt quru subtropik iqlimə malikdir. Ümumi sahəsi 2 130 kvadratkilometr olan şəhər inzibati baxımdan 12 rayondan və 59 qəsəbədən ibarətdir.
Şəhərin mərkəzi hissəsi Bakı buxtasına doğru pilləli amfiteatr formasında yerləşir. Bakının dənizkənarı əraziləri dünya okeanı səviyyəsindən təxminən 28 metr aşağıda yerləşir. Ərazidə əsasən neft, təbii qaz və tikinti materialları kimi faydalı qazıntılar hasil olunur.
Paytaxt zəngin tarixi-mədəni irsi ilə də seçilir. Burada əsrlər boyu qorunub saxlanılan bir çox memarlıq abidələri mövcuddur. Onların sırasında Qız Qalası, Şirvanşahlar Sarayı, Buxaralılar karvansarası, Hindistanlılar karvansarası və Cümə məscidi xüsusi yer tutur.
Bakı təkcə qədim tarixi və memarlığı ilə deyil, həm də neft sənayesinin inkişafında mühüm rol oynamış Bakı milyonçuları, ziyalıları və görkəmli ictimai xadimləri ilə yadda qalan şəhər kimi tanınır.















Leave a Reply