Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

“Arzum”un məhkəməsi təxirə salındı

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakigundem.com xəbər verir ki, Xəzər Rayon Məhkəməsində baş tutan iclas təqsirləndirilən şəxsin vəkilləri Hikmət Əliyev və Fərid Həsənovun məhkəmədə iştirak etməməsi səbəbindən təxirə salınıb.

Qeyd edək ki, bugünkü iclasda hökmün elan olunacağı gözlənilirdi. Lakin proses təxirə salındığından məhkəmənin yekun iclası iyulun 2-nə təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Nərmin Tahirzadə çıxışında məhkəmədən İlduzə Hacıyevanın 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsini, məhkəmə zalında həbs olunmaqla 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hadisə 2025-ci ilin iyun ayında paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində qarşı tərəfdən bir nəfər həyatını itirib, digər şəxs isə ağır xəsarətlər alıb. İstintaq dövründə İlduzə Hacıyeva barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

“Arzum 9999” ləqəbli tiktokerə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *