Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.

Bakigundem.com xəbər verir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 108 il ötür.

Artıq 6 ildir ki, bu əlamətdar gün işğaldan azad edilmiş ərazilərimizdə də xüsusi qürur hissi ilə qeyd edilir.

1917-ci ildə Rusiyada baş verən Fevral inqilabından sonra Çar Rusiyasının süqutu imperiya daxilində yaşayan xalqların milli azadlıq hərəkatını gücləndirdi. Həmin tarixi proseslərin nəticəsi olaraq, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və bu dövlət müsəlman Şərqində ilk dünyəvi demokratik respublika kimi tarixə düşdü.

Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə qurulan AXC türk və İslam aləmində ilk parlamentli respublika və hüquqi-demokratik dövlət modeli hesab olunur.

Azərbaycanın ilk müvəqqəti hökumətinə isə Fətəli xan Xoyski rəhbərlik edib. Milli Şura əvvəlcə Tiflisdə fəaliyyət göstərsə də, 10 gündən sonra Gəncəyə köçüb. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik qüvvələrindən azad etməsindən sonra hökumət fəaliyyətini Bakıda davam etdirib.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti mühüm tarixi nailiyyətlərə imza atdı. Qadınlara seçki hüququnun verilməsi, qadın və kişilər arasında bərabərliyin təmin olunması, milli ordunun yaradılması, milli valyutanın tətbiqi, Milli Bankın qurulması, demokratik islahatların həyata keçirilməsi və azad seçki sisteminin formalaşdırılması həmin dövrün ən böyük uğurları sırasında idi.

Bununla yanaşı, beynəlxalq əlaqələrin qurulması, Azərbaycanın müstəqilliyinin dünya ictimaiyyəti tərəfindən de-fakto tanınması, iqtisadi və dövlətçilik sahəsində aparılan islahatlar AXC-nin tarixi xidmətləri kimi qiymətləndirilir.

Azərbaycan Xalq Cümhuriyyətini rəsmi şəkildə tanıyan ilk dövlət Osmanlı İmperiyası olub. Bu tanınma 1918-ci il iyunun 4-də baş tutub.

1918-ci il noyabrın 9-da isə M.Ə.Rəsulzadənin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edildi. Bundan əvvəl dövlət bayrağı yalnız qırmızı rəngdən ibarət idi.

Mürəkkəb siyasi şəraitdə fəaliyyət göstərən AXC müstəqilliyini uzun müddət qoruya bilmədi. 1920-ci ildə bolşevik Rusiyasının işğalı nəticəsində Azərbaycan öz müstəqilliyini itirdi və sovet hakimiyyəti ölkədə quruldu. Buna baxmayaraq, xalqın azadlıq arzusu heç zaman sönmədi. Nəhayət, 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal Bəyannaməsi abidəsi ucaldılıb.

1991-ci ildən 2021-ci ilə qədər 28 May tarixi Respublika Günü kimi qeyd olunurdu. 2021-ci ilin 15 oktyabr tarixində Milli Məclisdə qəbul edilən yeni qanuna əsasən, bayramın adı dəyişdirilərək Müstəqillik Günü elan edildi. Həmin qanun Prezident İlham Əliyev tərəfindən də təsdiqlənib.

Beləliklə, 28 May artıq rəsmi şəkildə Müstəqillik Günü kimi qeyd olunur.

Azərbaycanda Müstəqillik Günü hər il dövlət səviyyəsində qeyd edilən qeyri-iş günlərindən biridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *